Bakı, 1 fevral 2023 – Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan iqtisadiyyatının neft sektorundan xaric şaxələndirilməsini təşviq etmək məqsədilə yaradılmış ixracyönümlü sənaye zonası olan Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlıqda, potensial investorları müvafiq layihələri hazırlamaqda dəstəkləmək üçün imkanlar arayacaq.
Neft sektorunun ölkədə iqtisadi inkişafın əsas sütunu olmasına baxmayaraq, Azərbaycan həmçinin qeyri-neft sektorunda mövcud olan imkanları özəl sektor üçün innovativ təşəbbüslərtə, o cümlədən Ələt Azad İqtisadi Zonası (qısaca Azad Zona və ya ingiliscə AFEZ) vasitəsilə, təkan vermək niyyətindədir. Bu yanaşma ötən il qəbul olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də əksini tapıb.
Bu strategiyanı dəstəkləmək məramilə IFC Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayır. Memoranduma əsasən, fəaliyyətini Azad Zonada aparmağa maraqlı olan şirkətlərə məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq. IFC, Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və AFEZ səlahiyyətli qurumu ilə birgə Azad Zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək. Məqsəd Azərbaycanın "xalis sıfır" karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrini müəyyən edib və işlənib hazırlamasında kömək etməkdir.
"Ələt Azad İqtisadi Zonası investorlar üçün unikal bir mühit yaradaraq, Azərbaycanda müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir. IFC ilə əməkdaşlığımız bizə, ən qabaqcıl beynəlxalq standartlara əməl edərək bu məqsədə nail olmağa kömək edəcək", – Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun sədri Valeh Ələsgərov söylədi.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və nəqliyyat dəhlizlərinə yaxın yerləşən Ələt Azad İqtisadi Zonasında Azərbaycan hökuməti müstəqil hüquqi və tənzimləyici çərçivə yaradır, vergi və qeyri-fiskal güzəştlər təqdim edir və müvafiq infrastruktur qurur ki, Azad Zonaya ixracyönümlü, yüksək əlavə dəyərə malik və sənaye fəaliyyətlərini cəlb etsin və inkişaf etdirsin.
"Son onilliklərdə Azərbaycanın iqtisadi artımının lokomotivi əsasən neft-qaz sektoru olmuşdur. Lakin regionun geosiyasi durumunda və enerji sistemlərinin inkişafında köklü dəyişikliklər, eləcə də hökumətin uzunmüddətli strateji iqtisadi islahat planları ölkə iqtisadiyyatının şaxələndirilməsini şərtləndirirlər,– deyərək IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd etdi. – AFEZ ilə tərəfdaşlıq bu prosesi dəstəkləmək səylərimizin tərkib hissəsidir, çünki iqtisadiyyatın diversifikasiyası ölkənin qlobal rəqabətə davamlılığını və Azərbaycanlıların gələcək nəsillərinin firavan yaşamasını təmin edcəcək."
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.
IFC haqqında
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32.8 milyard ABŞ dolları məbləğində rekord maliyyə ayıraraq, əlaqəli və bir-birini kəskinləşdirən qlobal böhranlar müqabilində IFC özəl sektorun üstünlüklərinə arxalanaraq ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edir. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun: www.ifc.org.
Bizi izləyin:
Ələt Azad İqtisadi Zonası haqqında daha ətraflı məlumat əldə etmək üçün: www.afez.az
Sign up to have customizable news & updates sent to you.